Anton Pavloviç Çexov. Seçilmiş əsərləri. – Bakı: “Şərq – Qərb”, 2009, 456 səh
Dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı A.P.Çexov öz əsərlərində yaşadığı dövrün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirmişdir. Lev Tolstoy onu “nəsrin Puşkini” adlandırırdı. Ziyalıların xalq qarşısında məsuliyyəti mövzusu, xalq taleyinə etinasızlıq, meşşanlıq, qına çəkilmək kimi mənəvi eybəcərliklərin tənqidi, “obıvatel” mühitinin insani keyfiyyətləri və müsbət idealları puç etməsi Çexov yaradıcılığının leytmotividir.
Hekayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqəti cəlb etmiş Çexov üçün bir novator yazıçı kimi təmkinli, lakonik təhkiyə üslubu xarakterikdir.
Təqdim olunan kitabda müəllifin yığcam bədii novellanın klassik nümunələri sayılan hekayələri toplanmışdır.
__________________________________
Cek London. Martin İden (roman). – Bakı, “Şərq-Qərb”, 2009, 400 səh“Martin İden” romanı görkəmli Amerika yazıçısı Cek Londonun (1876-1916) ən məşhur əsərlərindən biridir. Romanda sənət adamının faciəli həyatından söhbət açılır.
__________________________________
Conatan Svift. Qulliverin səyahəti. – Bakı: “Şərq – Qərb”, 2009, 280 səh.XVIII əsrin böyük ingilis yazıçısı Conatan Svift özünün məşhur “Qulliverin səyahəti” satirik – fantastik romanıyla bütün dünyada şöhrət qazanmışdır.
Bu üsyankar ruhlu əsərində müəllif realist parodiya və qrotesk üsulundan məharətlə istifadə edərək, İngiltərə cəmiyyətinin sosial – siyasi mənzərəsiniyaratmış, mütləqiyyəti, saray çəkişmələrini, feodal özbaşınalığını, dağıdıcı müharibələri qətiyyətlə pisləmişdir. Məzəli və ağıllı gülüş Sviftin başlıca mübarizə silahıdır.
__________________________________
Uilyam Şekspir. Seçilmiş əsərləri. – Bakı: “Şərq-Qərb”, 2009, 776 səh.Antik dövr dramaturgiyasından söz düşəndə dilə ilk gələn Esxil, Evripid, Sofokl adları olursa, İntibah dövrünün dram sənəti zirvəsində qeyd-şərtsiz görkəmli ingilis dramaturqu Uilyam Şekspirin adı çəkilir. Mayasında insan ləyaqətinin ucalığı, mənəvi yüksəklik, insanpərvərlik, dərin həyatilik və məhəbbət ülviliyi dayanan Şekspir yaradıcılığı elə bir mənəvi zirvədir ki, coğrafi sərhədlər, etnik müxtəlifliklər, milli psixalogiyalar məhdudluğu tanımır və zamana sinə gərir.
Bu kitabda dahi dramaturqun beş ən məşhur faciəsi daxil edilmişdir. “Romeo və Cülyetta”da təmiz məhəbbət, “Otello”da fəlakətə düşmüş böyük inam, “Kral Lir”də ülvi ata sevgisi, “Hamlet” və “Maqbet” əsərlərində isə hakimiyyət ehtirası ön plana çəkilir.
__________________________________
Lev Tolstoy. Seçilmiş əsərləri. Üç cilddə, I cild. Bakı: “Şərq-Qərb”, 2009, 648 səh.Dünya ədəbiyyatı tarixində bir çox mütəfəkkir sənətkar məlumdur. Varlığın fəlsəfəsi üzərində dərin əzabla düşünən belə mütəfəkkir yazıçılar sırasında demokratik rus mədəniyyətinin nəhəng nümayəndəsi, böyük yazıçı Lev Tolstoy ən fəxri yerlərdən birini tutur. Həmişə həqiqətə çağıran yazıçının bütün qəhrəmanları insan həyatının mənası barədə düşünürlər.
Tolstoy həyata ehtiraslı məhəbbətlə, şərə və ədalətsizliyi qarşı dərin nifrətlə aşılanmış əsərlərində ümumbəşəri məsələlər qoyduğuna görə Asiya, Avropa, Amerika xalqlarının mənəvi-bədii mədəniyyətlərinə ciddi təsir göstərmişdir.
Bu kitabda dahi rus ədibinin avtobioqrafik səciyyəli trilogiyası – “Uşaqlıq”, “İlk gənclik”, “Gənclik”, ilə yanaşı, “Kazaklar” və “Hacı Murad” povestləri də daxil edilmişdir.
__________________________________
Viktor Hüqo. Seçilmiş əsərləri üç cilddə, II cild (Səfillər, III-IV hissələr) – Bakı: “Şərq-Qərb”, 2009, 688 səh.Böyük fransız yazıçısı və mütəfəkkiri Viktor Hüqonun məşhur “Səfillər” romanının III və IV hissələrinin daxil edildiyi bu kitabda XIX əsrdə Fransada baş verən tarixi hadisələrin və insan talelərinin epik mənzərəsi oxucunun gözləri qarşısında canlanır.
__________________________________
Mark Tven. Seçilmiş əsərləri. – Bakı: “Şərq-Qərb”, 2009, 512 səh.Bu kitabda Amerika ədəbiyyatının klassiklərindən olan Mark Tvenin iki romanı – “Tom Soyyerin macəraları” (1876) və “Heklberri Finnin macəraları” (1885) əsərləri Azərbaycan oxucusuna təqdim olunur.
Birinci romanda-balaca Tomun macəralarında Amerika təhsil sistemi əsas gülüş hədəfinə çevrilir, burada yazıçı böyük məharətlə dünyaya uşaqların gözü ilə baxır.
“Tom Soyyerin macəraları”nın davamı kimi işlənmiş “Heklberri Finnin macəraları”nda isə zənci Cim obrazını romana gətirməklə müəllif irqi ayrı-seçkiliyə öz nifrətini bildirmişdir. XX əsrin tanınmış yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminquey təsadüfi olaraq demirdi ki, bütün Amerika nəsri “Heklberri Finnin macəraları” romanından törəmişdir.
__________________________________
Fyodor Mixayloviç Dostoyevski. Seçilmiş əsərləri üç cilddə, II cild: İdiot. – Bakı: “Şərq-Qərb”, 2009, 744 səh.Dahi rus yazıçısı Dostoyevskinin 1860-1870-ci illərdə yaratdığı məşhur “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə” və “Karamazov qardaşları” fəlsəfi romanlarında Yer kürəsinin bütün iniltiləri, dərddən ağlını itirmiş adamların sayıqlamaları öz əksini tapmışdır...
Ana xəttini insanın daxili ziddiyətləri təşkil edən həmin romanlar arasında “İdiot” ən lirik əsərdir.
Böyük humanist yazıçı daim cəhd etdiyi roman-poemanı burada daha artıq uğurla yarada bilmişdir. Ölməz sənətkarın məşhur “Dünyanı gözəllik xilas edəcək” kəlamı romanda bütün gerçək əzəmətiylə səslənir.
__________________________________
Homer. Odisseya. – Bakı: “Şərq-Qərb”, 2009, 376 səh.Əfsanəvi yunan şairi Homerin “Odisseya” epik poeması qədim yunanların dünya duyumu və dünyaya münasibətinin bir ifadəsidir.
“İliada”da olduğu kimi, “Odisseya” eposunda da Homer hadisələrin bədii təqdimatında xronoloji ardıcıllığa riayət etmir. Lakin bu ardıcıllıq ustalıqla və əsərin bütövlüyü qorunmaq şərtiylə pozulur.
“Odisseya” Qədim Yunanıstanın sosial həyatını, mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.
__________________________________
Homer. İliada. – Bakı: “Şərq-Qərb”, 2009, 512 səh.Əfsanəvi yunan şairi Homerin “İliada” əsəri insan zəkasının yaratdığı əski sənət örnəyi, dərin məzmun və yüksək sənətkarlıq nümunəsi kimi indi də yaşamaqdadır. Bütün əsrlərə və bütün xalqlara eyni dərəcədə aid olan “İliada” qədim yunanların həyatını tam zənginliyi və bütövlüyü ilə göstərir.
“İliada”nın məzmununu Troya müharibəsi təşkil edir. Homer özü Troya müharibəsinin müasiri olmadığı halda, bu əsərdə təsvir və tərənnüm etdiyi hadisələrin iştirakçısı kimi görünür.
“İliada” qəhrəmanları müəyyən şəraitdə öləcəklərini yəqin etdikləri halda, qarşılarına qoyduqları məqsəd yolunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poeziyasında qəhrəmanlıq dastanı kimi əbədi ad qazanmışdır.
__________________________________
Sədi Şirazi. Seçilmiş əsərləri. – Bakı: “Şərq-Qərb”, 2009, 408 səh.Həqiqət və gözəllik aşiqi Sədi farsdilli ədəbiyyata çox ciddi yeniliklər gətirmiş, hətta müəyyən baxımdan inqilab etmiş nəhəg sənətkardır.
Bu kitaba didaktik poema janrının parlaq nümunəsi olan “Bustan”ı ilə yanaşı, böyük şairin özündən sonrakı bütün əsərlərdə Yaxın və Orta Şərq xalqlarının çox sevdiyi kitablardan biri olub, uzun illər dərslik kimi istifadə olunan və dünyanın mədəni xalqlarının dillərinə çevrilən “Gülüstan”ı, eləcədə bir sıra lirik əsərləri – qəsidə, rübai, qəzəl və qitələri daxıl edilmişdir.
__________________________________
Çingiz Aytmatov. Seçilmiş əsərləri. – Bakı: “Şərq-Qərb”, 2009, 760 səh.Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda yeganə mövzu “böyük mövzu” – insan mövzusu var.
Seçilmiş əsərlərinin bircildliyinə böyük yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri daxil edilmişdir.
__________________________________
Nazim Hikmət. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, 2009, 520 səh.Türk dünyası və XXəsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri olan Nazim Hikmət (1902-1963) Türkiyə, Azərbaycan, başqa türk və Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir.
Kitabda tanınmış dramaturqun Azərbaycan teatr səhnəsində dəfələrlə tamaşaya qoyulmuş bir sıra pyesləri də daxil edilmişdir.
__________________________________
Nikolay Vasilyeviç Qoqol. Seçilmiş əsərləri. – Bakı: “Şərq-Qərb”, 2009, 336 səh.XIX əsr rus realist ədəbiyyatının yaradıcılarından olan N.V.Qoqolun bu kitabına onun yaradıcılığında romantik vüsəti və realizmin dərinliyi ilə seçilən bir sıra povestləri – “Taras Bulba”, “Viy”, “İvan İvanoviçin İvan Nikiforoviçlə dalaşması haqqında povest”, “Şinel” və bürokratik polis üsuli-idarəsinə qarşı yazılmış məşhur “Müfəttiş” komediyası daxil edilmişdir.
__________________________________
Puşkin A.S. Seçilmiş əsərləri. – Bakı: “Şərq-Qərb”, 2009, 664 səh.Kitaba böyük rus şairi A.S.Puşkinin ayrı-ayrı illərdə yazdığı məşhur şeirləri, poemalar və dram əsərləri, “Kapitan qızı” povesti daxil edilmişdir.
__________________________________
Haynrix Böll. Seçilmiş əsərləri. – “Şərq-Qərb”, 2009, 600 səh.Bu kitabda XX əsr dünya ədəbiyyatının görkəmli simalarından biri, Nobel mükafatı laureatı Haynrix Böllün Azərbaycan oxucularına artıq tanış olan “O illərin çörəyi” povesti ilə yanaşı, alman dilindən tərcümə olunmuş “Bir təlxəyin düşüncələri” romanı və hekayələri təqdim olunur.
__________________________________
Ulduzə Qaraqızı.
Azərbaycan filmlərinin yaranma tarixundən (II kitab)
Bakı, “E.L.” Nəşriyyat və Poliqrafaya Şirkəti MMC, 2010, səh.664Kitabda “Azərbaycanfilm”, eləcə də digər studiyalarda istehsal edilmiş milli-mənəvi sərvətlərimizdən olan bədii filmlərimiz müəllif tərəfindən araşdırılaraq tədqiq edilmişdir.
Kitab kino mütəxəssisləri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabda Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə edilmişdir.
__________________________________
Qara Qarayev-tələbələrinin xatirəsində. Esse, oçerk, portret cizgiləri və foto sənədlər toplusu. Bakı, “Şərq-Qərb”, 2009, səh.224Kitab-fotoalboma daxil olan xatirələr bəstəkar-pedaqoqun çoxnəsilli tələbələrinə məxsusdur.Bu xatirələrin fonunda bəstəkarın müxtəlif yaradıcılıq dövrünə aid yadda qalan anları çoxsaylı foto-şəkillərlə təmsil olunur. Kitabda Qara Qarayevin yaradıcılıq fəaliyyətinin bütün sahələri xronoloji ardıcıllıqla işıqlandırılmışdır.
Kitab peşəkar musiqiçi mütəxəssislərinə, musiqi elmi tədqiqatçılarına və ümumən musiqisevər insanlara ünvanlanır.
_________________________________
Ramiz Quliyev. Azərbaycan bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmələri (dərs vəsaiti)
Bakı, “E.L.” Nəşriyyat və Poliqrafaya Şirkəti MMC, 2009, səh.196Ali və orta ixtisas musiqi təhsili üzrə, eləcə də musiqi məktəbi tələbələrinin həm tədris, həm də konsert-ifaçılıq repertuarlarında geniş yer tutacaq “Azərbaycan bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmə və köçürmələri” məcmuəsini hazırlama prosesində bir müəllim və ifaçı kimi tələbələr qarşısnda ortaya çıxan problemləri aradan qaldırmağa cəhd edilmişdir.
“Azərbaycan bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmə və köçürmələri” məcmuəsinin çap olunması və müvafiq ali və orta ixtisas musiqi tədris məktəblərində istifadə edilməsinin respublikada musiqi təhsili işinin daha da təkmilləşməsinə xidmət edəcəkdir.
__________________________________
Ramiz Mirişli, Nazim Mirişli.
Kamança Məktəbi. Bakı, “Elm və təhsil”.-208 səh.Musiqi və incəsənət məktəbinin şagirdləri üçün nəzərdə tutulmuş “Kamança məktəbi” beşillik tədris müddəti üçün nəzərdə tutulmuşdur.
Dərs vəsaitinə daxil olmuş bir çox Etüd, Pyes və Azərbaycan xalq rəngləri tədris prosesində müxtəlif bədii və texniki vəzifələr daşıyır.
__________________________________
Əliyev Ziyadxan.
Sənətin Məcnunu. Bakı, “Aspoliqraf”. 2009, 392 səh.Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev “Sənətin Məcnunu”
Kitabı xalq rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edir.
Kitabda rəssamın yaradıcılığının geniş təhlili ilə yanaşı, əsərlərinin siyahısı, onların yaranma tarixi, şəxsiyyətinə işıq salan xatirələr, poeziya nümunələri də öz əksini tapmışdır.
_________________________________
İlyas Əfəndiyev. Şeirə sığmayan ömür. Azərbaycan şairlərinin İlyas Əfəndiyevə həsr etdikləri şeirlər. Bakı, “Təhsil”, 2010, səh.204Bu kitabda XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı, hekayə, povest və romanları, səhnəmizə yeni nəfəs verən bənzərsiz dram əsərləri, məqalə və ədəbi düşüncələri ilə milyonlarla oxucun və tamaşıçının məhəbbətini qazanan İlyas Əfəndiyevə həsr edilmiş şeirlər, böyük sənətkarın ömrünün müxtəlif illərinə aid fotolar, rəssamların bu mövzuda çəkdiyi əsərlərin illüstrasiyaları, teatr eskizləri, digər bədii rəsm və foto nümunələri daxil edilmişdir. Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihəsidir.
__________________________________